İçkili vəziyyətdə 102-yə zəng vurdu: "Yalandan dedim ki, 1200 manatımı, 5 telefonumu oğurlayıblar"
102 qaynar xəttinə zəng edərək yalandan 1200 manat pulunun və bir neçə telefonunun oğurlandığı barədə polisə məlumat verən Şamaxı şəhər sakini, 35 yaşlı Raqıb Həşimov Abşeron rayon Polis İdarəsinə dəvət olunub. Araşdırmalar zamanı məlum olub ki , içkinin təsirindən sərxoş olan Həşimov gecəni harada qaldığını belə xatırlamır. 102 qaynar xəttinə isə elə belə zəng vurubmuş.
Raqıb Həşimov zəngi içkili vəziyyətdə törətdiyini etiraf edib: "Şamaxıda içmişdim, gəldim Bakıya, 2 şüşə də burada içdim. Harada yatdığımı belə bilmirəm. Ayıldım, zəng elədim 102 -ə. Xəstəyəm, içdikcə içirəm. Özümlə bacarmıram. Elə bildim çantamı oğurlayıblar".
İki dəfə məhkumluq həyatı yaşayan saxlanılan şəxs polisləri narahat etdiyi üçün üzr istəyib: "Polis əməkdaşlarına 1200 manat pulumun itdiyini demişəm, amma əslində o pul məndə olmayıb. 5 dənə telefonumun oğurlandığını demişəm. Bu da yalandır. Xəstəliyimlə əlaqədardır yəqin. Polislik bir şey yoxdur".
Polisdən bildirdilər ki, idarəyə dəvət olunan zaman onun üstündən 5 ədəd 20 qəpik çıxıb. 1200 manat pulun oğurlanmasının yalan olduğunu əməliyyatçılar elə buradan hiss ediblər. Həşimovun inzibati qaydada məsuliyyətə cəlb olunacağı istisna edilmir.