"Qəbələ" qrup mərhələsinə yüksəldi!
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. APA TV-nin məlumatına görə, təmsilçimiz “Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparıb.
İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb.
Matçın ilk hissəsi qolsuz bitib. İkinci hissədə olduqca aktiv oyun nümayiş etdirən "Qəbələ"nin futbolçuları bir neçə real qol şansını qaçırıblar.
Oyunda hesab 65-ci dəqiqədə açılıb. Rəqib futbolçu Tavares özünün və komandasının ilk qolunu vurub.
Matçda başqa qol olmayıb. "Qəbələ" 0:1 uduzmağına baxmayaraq, ötən oyunun nəticəsinə əsasən (3:1) qrup mərhələsinə keçib.