Ağdaşda tarixi abidədə yanğın: 5 yaşlı qız öldü
Ağdaş rayonunda mənzildə yanğın hadisəsi baş verib, 5 yaşlı uşaq dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Müşfiq İsayev küçəsindəki 1 saylı ünvanda yerləşən və XIX əsrə aid Qarabəy Karvansarayında qeydə alınıb.
Alov karvansarayın yaşayış üçün nəzərdə tutulan 2-ci mərtəbəsində, rayon sakini 1971-ci il təvəllüdlü Qurbanov Fərrux Məhəmməd oğluna məxsus ümumi sahəsi 29 kvadratmetr olan mənzili bürüyüb. Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
Hadisə zamanı bir otağı və bir mətbəxi olan ev içindəki əşyalarla birgə yanıb. Yanğın zamanı ev sahibinin azyaşlı qızı, 2011-ci il təvəllüdlü Şəfiqə Qurbanova tüstüdən boğularaq ölüb. Görmə qüsurlu olduğu üçün yanğın zamanı evdən bayıra çıxa bilməyən 5 yaşlı Şəfiqə Qurbanova qorxusundan şkafa girərək gizlənib. Hadisə zamanı mənzilə daxil olan yanğınsöndürənlər uşağı xilas etmək üçün onu xeyli axtarsalar da tapa bilməyiblər. Sonradan şkafın içərisindən uşağın meyiti tapılıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
"Çölə çıxdım, gördüm camaat qışqırır ki, Fərruxun evi yanır. Cəld gəldik bura. Qonşuluqdakı oğlan vedrə ilə su gətirib qapıdakı alovu söndürmək istədi. Qapılar bağlı idi. Dedilər içəridə uşaq var. Yanğınsöndürənlər gələnə kimi, su motorunu qoşub alovu söndürmək istədik. Mümkün olmadı. Yanğınsöndürənlər gəlib alovu söndürdülər. Sonra məlum oldu ki, 5 yaşlı uşaq içəridə tüstüdən boğulub".
Qeyd edək ki, Qarabəy Karvansaray binasının birinci mərtəbəsində 10-a yaxın ticarət və iaşə obyektləri fəaliyyət göstərir.