“Aqrolizinq” ASC-nin rəhbərliyində həbs
“Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, istintaq tədbirləri çərçivəsində cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadə həbs edilib. Məlum olub ki, o, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.
Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən Tazi Talıbzadənin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.