FES-in mümkün qərarı neftin bahalaşmasını ləngidir
Neftin qiyməti ilə bağlı gözləntilər özünü doğruldur. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 49,73 dollar olub. Səhər seanslarında qiymətlər 49,53 dollar səviyyəsinə enib. Qərbi Texas nefti də gün ərzində dəyərini qoruyub. Axşam saatlarında WTİ neftinin qiyməti 47,39 dollara çatıb, səhər keçirilən hərraclarda isə qiymətlər bir qədər ucuzlaşaraq 47,27 dollar səviyyəsinə düşüb.
Ekspertlərin fikrincə, bazar qiymətlərin bahalaşmasına psixoloji baxımdan hazır olsa da, ABŞ Federal Ehtiyat Sisteminin növbəti toplantısında dolların faiz dərəcəsinin artırılması xəbəri neftin qiymətinə mənfi təsir edir. Bundan başqa OPEK-in gələn ay keçiriləcək toplantısında hasilatın dondurulması qərarının çıxacağı da şübhə altındadır. Qiymətləri sabit saxlayan hələlik bu toplantıya olan ümidlərdir. Dünən verilən açıqlamalarda hasilatın dondurulmasına qarşı çıxan ölkələrdən İraqın bu dəfə qərarın lehinə səs verəcəyi bildirilirdi. Bu xəbər bazara pozitiv təsirini saxlayıb.