Bakı-Şamaxı avtomobil yolunun bir hissəsi 4 hərəkət zolaqlı olacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 15,1 km-lik ( 1.85 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

 

APA TV-nin məlumatına görə, layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.

 

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1,85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29,5 m, yolun hərəkət hissəsinin eni 15  24 m, hərəkət zolaqlarının eni 3,75  4,5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək.

 

Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 m enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.

 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 m enində kollektor yolların inşası, Müşviq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinindrenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.

 

Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik ( 76 km )hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik ( 16 km ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub. 

 

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin yenidən qurulması turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

 

Müəllif | Apa.Tv
Apa.tv