Kürdəmirdə tutulan oğru: "Mən peşmanam, gənclər peşman olmasın"

Kürdəmirdə silsilə oğurluq edən rayon sakini tutulub.  APA TV-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon Polis Şöbəsinə bir neçə ərazidən oğurluq edilməsi ilə bağlı zərərçəkənlər tərəfindən müraciət  daxil olub.


Polis əməkdaşlarının keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini 28 yaşlı Vasif Nəsirov tutulub. İlkin dindirmə zamanı  məlum olub ki, adı çəkilən şəxs 2013-cü ildən etibarən törətdiyi  oğurluq əməlləri ilə əcnəbi və yerli vətəndaşlara xeyli maddi ziyan vurub.  V. Nəsirov 2013-cü ilin 25 yanvar tarixində Xırdapay kəndində  kirayədə qalan ABŞ vətəndaşı Mee Herin evindən gizlin yolla  ümumi dəyəri 500 dollar olan  notebook,  datakart, fotokamera, yaddaş bloku,  ötən ilin dekabrında həmin kənd sakini  Zahid Zərbalıyeva məxsus Bakı prospektində yerləşən “Qəbir daşları” sexindən  elektrik generatoru, su nasosu, bu ilin yanvar-fevral aylarında  isə  adı çəkilən kənddə yerləşən rayon sakinləri Seymur Bünyətova və Şirməmməd Əbdürrəhmanova məxsus avtomobil sexi və qarışıq mallar mağazasından maşın ehtiyat hissələri, ətçəkən maşın motoru,  elektrik kabelləri oğurlayaraq satıb.

Əvvəllər də oxşar əməlləri ilə məhkumluq həyatı yaşayan V. Nəsirov gənclərə özünün seçdiyi yolu seçməməyi də tövsiyə edib.
 

"Gənclərə arzulayıram ki, bu yolu seçməsinlər, çox pis yoldur. Mən eləmişəm, peşmanam. İstəmirəm onlarda bunu edib, peşman olsunlar. Öz ailələrinin, ata-analarının gözünü yolda qoymasınlar".

Saxlanılan şəxsin digər oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.

 

 

 

 

 

 

 

 

                                                                                          

 

Müəllif | Apa.Tv
Apa.tv