Oğurladığı qızıllarla özünə nişan edən şəxs: "Mahirədən üzr istəyirəm, bağışlasın məni"

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bakı sakini Vüsal Xankişiyevi nişanından bir gün sonra şübhəli şəxs qismində saxlayıblar. APA TV-nin məlumatına görə, buna səbəb onun yaxın tanışının evindən qızıl-zinət əşyalarını oğurlaması olub. Bölməyə gətirilən Vüsal Xankişiyev törətdiyi əməli boynuna almasa da, mötəbər sübutlar nəticəsində hər şeyi etiraf etmək məcburiyyətində qalıb. Məlum olub ki, adı çəkilən şəxs oğurladığı qızılları lombarda qoyaraq pul götürüb və özünə nişan məclisi təşkil edib.

 

"Ayın 21-də nişanım  oldu. 22-də isə tutuldum. Pula ehtiyacım vardı . Cinayət törətdiyimi bilirdim. Amma istəmirdim qızı başqasına versinlər".

 

Nərimanov rayonunda restoranların birində nişan mərasimi keçirən Vüsal Xankişiyev məclisin bütün xərcini özü ödəyib. Lakin onun bu xoşbəxtliyi cəmi  bir  gün çəkir. Ertəsi gün əməliyyatçılar onun qapısına gələrək, birlikdə  bölməyə getməsini tələb edirlər.

 

"Tutduğum əmələ görə evdəkilərin hamısından üzr istəyirəm. Çox peşmanam. Əsasən də Mahirədən üzr istəyirəm, bağışlasın məni".  

 

Bölmədən verilən məlumata görə, Vüsal Xankişiyev əvvəllər oğurluq maddəsi ilə  məhkum olunub, 6 il məhkumluq həyatı yaşayıb.  Ötən il azadlığa çıxan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv