Azərbaycana qanunsuz silah keçirmək istəyənlər yaxalandı-ƏMƏLİYYAT
Azərbaycanın şimal sərhədində silah-sursat qaçaqmalçılığının qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Toyota Camry” markalı avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mamedov Hacıbala Nuru oğlu tərəfindən bəyan olunmayan 1 ədəd üzərində “Baikal MP-461” yazılmış, 18X45 kalibrli tapança, 1 ədəd daraq və 8 ədəd rezin başlıqlı güllə, digər “Mercedes Benz 0403” markalı sərnişin avtobusunun baqaj hissəsində Azərbaycan vətəndaşı Qəhrəmanov Seyfəddin Hacı oğlu tərəfindən bəyan olunmayan 1 ədəd Tayvan istehsalı olan avtomat, 8 ədəd qaz balonu və təqribi çəkisi 300 qram olan qırma, daha bir “Mercedes Benz-E320” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı Qasımov Eyvaz Əvəz oğlu tərəfindən gömrük bəyannaməsində göstərilməyən 1 ədəd qaz balonlu tapança aşkarlanıb.
“Samur” gömrük postunun piyada keçidi zonasında Azərbaycan vətəndaşı Heydərov Elman Səftər oğlunun əl yüklərin konfetin içərisində gömrük nəzarətindən gizlədilmiş 12 kalibrli ov tüfəngi üçün 125 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının keçirilməsinin qarşısınıda alıblar. İstanbul-Bakı aviareysinin sərnişini Azərbaycan vətəndaşı Qəribov Yaşar Nuru oğlunun baqajında ümumi çəkisi 307 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.