OPEK neft hasilatını donduracaqmı? - FƏRQLİ MÖVQELƏR
"Səudiyyə Ərəbistanı dünya üzrə neft hasilatının dondurulmasına müsbət yanaşır". APA TV-nin məlumatına görə, bunu ölkənin neft naziri Xalid Əl-Falih deyib. O, neftin dondurulmasının hasilatın azalmasına gətirib çıxarmayacağını bildirib.
O qeyd edib ki, həmkarlarının neft hasilatı ilə bağlı fikirlərini öyrənmək istəyir. Bir müddət əvvəl nazir bu məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyacın olmadığını deyərək, istehsalın azaldılmasının tərəfdarı olmadığını bəyan etmişdi.
Öz növbəsində İran da neft bazarında stabilləşmə yaranması məqsədilə OPEK-lə əməkdaşlığa hazır olduğunu bildirib. Amma rəsmi Tehran özünün bazarlarda itirilmiş payının bərpa olunması hüququnun nəzərə alınmasını şərt kimi irəli sürür. Bu barədə ölkənin neft naziri Bican Nəmdar Zəngani bildirib.
Xatırladaq ki, İran OPEC üzvü olan Səudiyyə Ərəbistanı və İraqdan sonra üçüncü ən böyük neft hasilatçısıdır. İran bu il ərzində hasilatı sutkada 3,6 milyon barelə çatdırıb.
Yeri gəlmişkən OPEC-in gələn ay Əlcəzairdə iclası keçiriləcək. İclasda neft istehsalının mövcud səviyyələrdə saxlanılması, neft istehsalçılarının bazar şərtləri müzakirə olunacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in bəzi üzvlərinin aprel ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş toplantısında istehsalın dondurulması təkliflərini rədd edib.
Səudiyyə, İraq və İran artıq qapalı müzakirələrdə iştirak edəcəklərini təsdiqləyiblər.
Bu arada Çin də daxili istehsalın azalması kimi yeni və uzunmüddətli bir mərhələyə qədəm qoyur.
Ötən il ölkədə neftin hasilat həcmi pik həddə çataraq, sutkada 4,3 milyon barel təşkil edib. Çində neft istehsalının azalması heç şübhəsiz ki, dünya ölkələrinə də öz təsirini göstərməklə, qarşıdakı perspektivdə neftin qiymətinin artmasını şərtləndirəcək. Bundan əlavə, Çinin özünün "qara qızıl"a olan daxili tələbatını ödəmək üçün idxal həcmini yüksəldəcəyi də gözlənilir.
Bununla yanaşı, neft istehsalının "qara qızıla" olan daxili tələbatı tam ödəmədiyi səbəbindən Çin ixracat həcmini artırmaq məcburiyyətində qalacaq. Bu isə çox da uzaq olmayan keçmişdə özünün enerji təhlükəsizliyini milli təhlükəsizliyin əsası elan etmiş ölkənin müəyyən etdiyi kursdan yayınması ilə nəticələnəcək.
Çində neft hasilatının həcmi cari ilin ilk altı ayında təqribən 5 faiz həcmində aşağı düşüb. İyulda isə bu göstərici daha 8 faiz azalaraq, 16,72 milyon ton təşkil edib. Bu rəqəm isə son 5 ilin ən minimal sutkalıq norması deməkdir.
Yanvar-İyul aylarında Çində neft idxalının həcmi 12,1 faiz artaraq, 217,6 milyon ton təşkil edib. Qeyd edək ki, ölkənin əsas "qara qızıl" idxalçıları Rusiya, Səudiyyə Ərəbistanı və Anqoladır.