Çingiz Hüseynzadə: "18 medal qazanmağımız heç kimi təəccübləndirmədi"

“Azərbaycan 20-ci ildir Olimpiya Hərəkatında fəal iştirak edir. "Atalanta-1996"dan başlayaraq daim artan heyətlə yarışa qatılırıq. Bu il yığmamız Braziliyadan vətənə rekordlarla qayıdıb". Bu fikirləri Milli Olimpiya Komitəsinin  vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

"Əgər 1996-cı ildə bir medal qazanmışdıqsa, həmin vaxt deyirdilər ki, bu hansı ölkədir. Bu dəfə 18 medal qazanmağımız heç kimi təəccübləndirmədi".

 

Yığmamızın uğurlarından danışan Çingiz Hüseynzadə idmançılarımızın finaldakı məğlubiyyətinin səbəblərini də açıqlayıb.

 

"Bizim 8 finalçımız vardı və hər biri çempion ola bilərdi. Əsas məsələ həlledici görüşə yüksəlmək, yarışda iştirak etməkdir. Məsələn, Mariya Stadnikə “qızıl” üçün 3 saniyə, Valentin Demyanenkoya 10 sm və ya Xetaq Qazyumova 10-15 saniyə çatmadı. Təəssüf ki, çempionluq üçün nə isə çatmadı. Burada psixoloji amil də ola bilər. Amma idmançının öz səhvi də rol oynayıb. Burada hazırlığın düzgün getməməyindən söhbət gedə bilməz. Belə olsaydı, həmin idmançı finala çıxa bilməzdi. Bunun əsas səbəblərini indidən demək çətindir. Mütəxəssislər təhlil edib, açıqlayacaqlar. Ümid edirik ki, qarşıdakı yarışlarda belə bəxtsizlik olmayacaq".

 

Vitse-prezident ağırlıqqaldırma üzrə yığmamızın düşdüyü çətin durumdan da danışıb. Onun sözlərinə görə, bu gün dünyada dopinq qalmaqalı davam edir. 

 

"Mən özüm də hələ başa düşmürəm ki, nə baş verir. Bu işin sonuna məhkəmə yolu ilə də olsa sonuna çıxacağıq. Boyanka Kostovanı son dünya çempionatına görə deyil, Londondakı çıxışından sonra götürülən analizin təkrar müayinəsinə görə cəzalandırırlar. Amma digər ölkələrdə belə idmançılar yarışa buraxılır və ikili standartlar həyata keçirilir".

 

Legionerlərlə bağlı açıqlama verən Çingiz Hüseynzadə vurğulayıb ki, onlar Azərbaycan yığmasının uğurları üçün çalışdıqlarından titullarını məhz bizim yığmada qazanıblar. Onun sözlərinə görə, milliləşdirmə prosesi bütün dünyada gedir: “Azərbaycanın tarixində bir çox millətlərdən iz qoymuş insanlar var. Biz onları özümüzdən ayırmırıq”.

Müəllif | Apa.Tv
Apa.tv