Azad Suriya Ordusu: "Növbəti hədəf Türkiyə ilə sərhəddəki Mare qəsəbəsidir"
Azad Suriya Ordusunun tərkibində döyüşən Sultan Murad bölüyünün komandiri polkovnik Əhməd Osman növbəti hədəfin Mare şəhəri olduğunu bildirib. APA TV-nin xəbərinə görə, "Reuters"ə açıqlama verən türkmən polkovnik Cerablusdan sonra əməliyyatın uzun müddət davam edəcəyini, İŞİD-in nəzarətində olan bütün kəndlərin təmizlənəcəyini deyib.
Əhməd Osman Suriya-Türkiyə sərhədinin İŞİD-in nəzarətində olan hissəsinin təmizləmək istədiklərini, qərbə doğru 70 kilometrlik bir sahənin əsas təmizlik hədəfi olduğunu deyib. "Şərqə doğru hərəkət etməzdən əvvəl buraları təmizləyəcəyik ki, İŞİD müxaliflərə hücum etməsin. Sonra isə YPG-nin də içində olduğu Demokratik Suriya Güclərinin ələ keçirdiyi Menbiç şəhərinə doğru irəliləyəcəyik. Bu yolda YPG ilə döyüşmək istəmirik. Ancaq məcbur qalsaq, bunu edərik".
Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusuna aid döyüşçülərlə birgə Cerablusda "Fərat qalxanı" adlı əməliyyat keçirib. Əməliyyat nəticəsində Cerablus və ətrafındakı bir neçə kənd İŞİD terrorçularından azad edilib.