Azərbaycana qaçaq yolla daha çox hansı mallar gətirilir? - DGK sədri açıqladı
Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur. APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib.
O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır:
“Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixotrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir. Bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur. Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.
Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir.
“Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur. Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır".
Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd keçid məntəqəsində görüşüb. Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.