Parlamentdə daha bir yer boşaldı

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamdan sonra millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edilib. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Belə ki, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir. Qanunvericiliyə əsasən, MSK bu müraciətə iki ay ərzində baxmalı və onun mandatından məhrum etməlidir. APA TV-nin xəbərinə görə, bununla da parlamentdə boş millət vəkili yerlərinin sayı üç olacaq.

 

2010-ci ildə parlamentə keçirilən seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazanmışdı. 34 saylı dairədən seçilən Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı Zaqatala seçki dairəsindən seçilən millət vəkili Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub. Əli Əhəmədovun millət vəkilliyinə xitam veriləcəyi təqdirdə daha bir millət vəkili yeri boş qalacaq və hakim partiyanın milli məclisdə təmsilçilərinin sayı 69 olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv