Braziliyada prezidentə etimadsızlıq müzakirəsi davam edir
Braziliya Senatında ölkə prezidenti Dilma Russelfə etimadsızlıq məsələsinin müzakirəsi davam edir.
APA TV-nin məlumatına görə, parlamentdə iki gündür şahidlər danışır. Bu günkü iclasda prezidentin müdafiə tərəfinin şahidləri çıxış ediblər.
Toplantı senatorlar arasında qalmaqal yaranıb. İclası aparan Ali Məhkəmənin sədri Rikardu Levandovski toplantıda fasilə elan etməli olub.
Mübahisə Senatın rəhbəri ilə Dilma Russelfi dəstəkləyən Əməkçi Partiyasının senatoru arasında yaranıb. Senator Qleyzi Hoffman bəyan edib ki, zaldakıların prezidenti mühakimə etməyə mənəvi haqqı çatmır. O, impiçment məsələsinin müzakirəsini “sərhədsiz axmaqlıq” adlandırıb.
Prosesdə həlledici günlərdən birinin avqustun 29-u olacağı gözlənilir. Həmin gün prezident Dilma Rusself Senatda çıxış edəcək. Ona özünü müdafiə etməsi üçün yarım saat vaxt ayrılıb. Daha sonra senatorlar 20 saata qədər davam edəcək debat və çıxışlara başlayacaqlar. Yalnız bundan sonra səsvermə başlayacaq. 81 senatordan 54-ünün səsi Dilma Russelfi prezidentlik kürsüsündən məhrum edə bilər. Prezident özü isə bəyan edib ki, istefa vermək niyyətində deyil və etimadsızlıq məsələsinin müzakirəsini dövlət çevrilişinə cəhd hesab edir.
Qeyd edək ki, 2016-cı il Yay Olimpiya oyunlarına ev sahibliyi edən Braziliyanın dövlət başçısı vergi pozuntularında və dövlət vəsaitindən şəxsi məqsədlərlə istifadə etməkdə günahlandırılır.