Lavrov və Kerri görüşdü - NƏTİCƏ

İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başa çatıb. APA TV-nin məlumatına görə, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.

 

Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub.

 

Görüşdən sonra keçirilən brifinqdə Con Kerri bildirib ki, Sergey Lavrovla görüş məhsuldar və konstruktiv keçib. Onun sözlərinə görə, Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır.

 

Con Kerri bəyan edib ki, rəsmi Vaşinqton vahid Suriyanın tərəfdarı olaraq kürdlərə müstəqillik verilməsini dəstəkləmir.

 

Sergey Lavrov, öz növbəsində, qeyd edib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olmalıdırlar. O, bildirib ki, hazırda Suriyada bir neçə ölkənin hərbçiləri olsa da, onlar bunu Suriya rəhbərliyinin razılığı ilə etməyiblər. Nazir əlavə edib ki, rəsmi Dəməşqin razılığı ilə Suriyaya yalnız Rusiya və İran hərbi kontingenti yerləşdirilib.

 

Müəllif | Apa.Tv