Yəmən Səudiyyəyə raket zərbələri endirdi, neft kəskin bahalaşdı
Həftənin son seanslarında dünyanın aparıcı birjalarında neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 50,69 dollar təşkil edib. Daha sonra qiymət son seansa qədər 1 dollar ucuzlaşaraq 49,69 dollar təşkil edib. Qərbi Texas nefti də aylıq maksimumu yeniləməyə müvəffəq olub. WTİ neftinin bir bareli gün ərzində maksimum 48,13 dollardan satılıb. Qərbi Texas nefti sonradan nisbətən ucuzlaşaraq həftəni 47,33 dollardan başa vurub.
Neftin bahalaşmasına Yəmən ordusunun Səudiyyə Ərəbistanının neft obyektlərinə raket zərbələri endirməsi səbəb olub. İran və Yəmən telekanalları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən, "Aramco" şirkətinə məxsus neft yataqlarına ballistik raketlərlə zərbələr endirildiyi barədə xəbərlər yayıb. Bu isə qiymətlərin 50 dollar həddini keçməsinə səbəb olub. Birjaların növbəti seansları 48 saat sonra açılacaq, Ərəbistan yarımadasında gərginlik davam edərsə, qiymətlərin önümüzdəki həftə kəskin şəkildə bahalaşacağı istisna olunmur.