Mətin Feyzioğlu: "Vətəndaş müharibəsi başlasa, Türkiyəyə qoşun yeridiləcəkdi"
"Hərbi çevriliş cəhdinin əsas səbəbi qondarma Kürdüstan ideyasına dəstək verməməyimiz idi. 15 iyul gecəsi çox dəhşətli anlar yaşadıq. Saxta "Balyoz" işində çox dəyərli hərbçilərimiz mənəvi olaraq məhv edildi". Bu fikirləri Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu deyib.
O bildirib ki, 15 iyulda hərbi çevriliş cəhdində əsas məqsəd ölkəni vətəndaş müharibəsinə sürükləmək idi: "Bu planı həyata keçirmək üçün illərdir hazırlıq görənlərin hədəflərinə çatması üçün çox az vaxt qalmışdı. Vətəndaş müharibəsi baş versəydi, Qərbi və Cənub-Qərbi Anadoluda hərbi birləşmələrimizin bir çoxu məcburən böyük şəhərlərə gətiriləcəkdi. PKK isə bu fürsətdən yararlanıb silahlı üsyan qaldıracaqdı. Qərbi və Cənub-Qərbi Anadoluda qanlı döyüşlər başlayacaq, PKK-ya qarşı müqavimət göstərənlər qətlə yetiriləcəkdilər. PKK terror təşkilatı Trabzondan İsgəndəruna qədər bir xəttə sahib olmaq istəyir. Və vətəndaşlarımızın buna icazə verməyəcəyini də yaxşı bilir. Plana əsasən, vətəndaş müharibəsi başlayacağı təqdirdə, BMT prosesə müdaxilə edəcək, torpaqlarımıza xarici hərbi kontingentlər yerləşdiriləcəkdi".
Mətin Feyzioğlu bildirib ki, Türkiyə öz gücünü toplamalı, milli birliyi təmin etməlidir: "Əgər, güclərimizi birləşdirə bilsək, bu planları pozmağa qadirik. Türk əsgəri Cerablusa girdiyinə görə, PKK qanlı terror aktlarını artırdı. Xain hücumlar davam edir. Bizi bu vəziyyətə yanlış Suriya siyasətimiz gətirib".