FES rəhbəri: "Uçot dərəcəsinin artırılması üçün kifayət qədər əsaslar var"
ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen Cekson-Houlda keçirilən konfrans zamanı son aylarda rəhbərlik etdiyi qurum tərəfindən uçot dərəcələrinin artırılması üçün kifayət qədər əsasın olduğuna diqqət çəkib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, C.Yellen həmçinin FES-in yaxın perspektivdə uçot dərəcəsinin tədricən artırılmasının doğru atılmış bir addım olduğunu və bunun həm məşğulluq, həm də inflyasiya səviyyəsinin stabil saxlanılmasına yönəldiyini açıqlayıb.
Bununla belə, Federal Ehtiyatlar Sisteminin rəhbəri uçot dərəcələrinə yenidən baxılmasının qurumun əldə etdiyi makroiqtisadi göstəricilərdən bilavasitə asılı olduğunu bildirərək, bununla bağlı yekun qərarın nə zaman veriləcəyini açıqlamayıb.
FES rəhbərinin sözlərinə maliyyə bazarlarının reaksiyası da gecikməyib. C.Yellenin açıqlamalarından sonra dolların avroya nisbətdə məzənnəsi 0,884 avrodan 0,889 avroya yüksəlib, ardınca isə yenidən 0,882 avro dərəcəsinə enib. Dolların rubla qarşı məzənnəsi isə ötən günün sonunda artaraq, 64,29 rubl təşkil edib.
Canet Yellen ABŞ-da biznesin investisiya aktivliyinin hələ də aşağı olmasına diqqət çəkərək, 2014-cü ilin ortalarından etibarən dolların kursunda müşahidə edilən artımın ixrac imkanlarını məhdudlaşdırdığını çıxarılıb.
O, çıxışı zamanı qurumun maliyyə böhranının fəsadları ilə apardığı mübarizənin effektivliyini isə xüsusi qeyd edib.
FES rəhbərinin çıxışına reaksiyalar isə gecikməyib. "Brean Capital" şirkətinin analitiki Peter Tçir Federal Ehtiyatlar Sistemi kimi önəmli bir qurum rəhbərinin çıxışında bir tərəfdən uçot dərəcəsinin artırılması ehtimalının yüksəldiyini, digər tərəfdən də bu artımın tədrici xarakter daşıyacağını qeyd etməsini 1:2 nisbətində dəyərləndirib.
"Goldman Sachs" analitiki Yan Xatsius isə FES rəhbərinin son açıqlamasından sonra uçot dərəcələrinin məhz sentyabr ayında artırılacağı ehtimalının yüksəldiyini bildirib.
C.Yellen həmçinin böhran sonrasında qarşılaşdıqları neqativ halları da açıqlayıb. O, bildirib ki, bu faktorlar arasında tələbatın kəskin azalması, büdcə xərclərinin və kredit həcminin məhdudlaşdırılması, habelə, ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsini göstərib.