"İnfiniti" "Jiquli"ni vuraraq yoldan çıxardı, bir ailə bədbəxt oldu
Kürdəmir. Zahid Abışov-APA TV. Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 51-ci kilometrliyində, Kürdəmir rayonunun Muradxan kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Mollakənd kənd sakini Coşqun Qərib oğlu İsayevin idarə etdiyi "İnfiniti" markalı minik maşını ilə eyni istiqamətdə hərəkət edən rayonun Ərəbxana kənd sakini 67 yaşlı Ağamisa Qəni oğlu Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını toqquşub. Zərbənin gücündən "VAZ" markalı maşın yolda çıxaraq aşıb. Nəticədə "VAZ-2106"nın sürücüsü və sürücünün oğlu, 42 yaşlı Mahmud Ağamusa oğlu Mahmudov, nəvəsi 13 yaşlı Elməddin Mahmud oğlu Mahmudov və həmkəndliləri 13 yaşlı Ağamir Məcid oğlu Mirzəyev ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, sürücünün nəvəsi orada ölüb. Hadisəyə "İnfiniti"nin yüksək sürətlə hərəkət etməsinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.