Aleksandr Duqin: "Bu ilin sonu beş, daha sonra iki rayon işğaldan azad olunacaq"

"Sərkisyan bir siyasətçi kimi Rusiyaya sərf edir. Digər tərəfdən Sərkisyanın ölkə daxilində bir çox problemləri var. Ermənistan əhalisinin bir hissəsi onun siyasətindən razı deyil. Obyektiv narazılıq var". Bu fikirləri APA TV-nin Moskva bürosuna “Beynəlxalq Avrasiya Hərəkatının” lideri Aleksandr Duqin söyləyib.

 

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə qarşı olan obyektiv narazılıqdan istifadə edən Qərb amili var: "Ermənistandakı anti-Sərkisyan dalğasında Qərbin rolu danılmazdır. Lakin bu hadisələrdə Ermənistan hakimiyyətinin rolu da açıq-aydın görünür. Müşahidələrimə görə, ermənilər bir çox məsələlərə qeyri-real münasibət bəsləyirlər. Rusiya onlara verdikcə, onlar yenə daha çox tələb edirlər. Ermənistan siyasətçilərində reallıq çatışmır. Onlara elə gəlir ki, Rusiya onlara daim borcludur. Bu gün ermənilər anlamır ki, Rusiyanın hesabına Dağlıq Qarabağın erməni əhalisi mövcudluğunu davam etdirir. Moskva İrəvandan tələb edir ki, onun strateji maraqlarını nəzərə alsın. İrəvan Moskvanın milli maraqlarını nəzərə almalıdır, onların başqa yolu yoxdur. Lakin onlar nə edirlər? Teatr qurub, isterikaya qapılıb ağlamağa başlayırlar. Mən bunu Rusiyada yaşayan ermənilərə da şamil etmək istərdim. Onlar yaşadıqları ölkənin maraqlarına xidmət etməlidirlər. Bu gün Rusiyanın marağı ilk növbədə Azərbaycanla yaxınlaşmaqdır".

 

Aleksandr Duqin bildirib ki, Moskva İrəvanla münasibətlərə ziyan vurmadan Bakı ilə yaxınlaşmaq siyasəti yürüdür: "Bu, Kremlin birmənalı və sərt mövqeyidir. İlkin olaraq Dağlıq Qarabağ ərtafındakı beş rayon, daha sonra iki rayon qaytarılmalıdır. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Rusiya üçün regionda müharibə qəbuledilməzdir. Məhz 90-cı illərdə Dağlıq Qarabağda baş verən müharibəyə görə Moskva ilə Bakı münasibətləri müttəfiqlik səviyyəsinə yaxınlaşmayıb. Ona görə də, Kreml qısa müddətdə bu problemi həll edərək Bakı ilə daha çox yaxınlaşmaq istəyir. Bakı ilə Moskvanın yaxınlaşması Dağlıq Qarabağın sonsuz müddətdə Azərbaycanın  tərkibində "de-yure", olmasını təmin edəcək. Rusiya-Azərbaycan-Türkiyə-İran dördlüyü də Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Yaxın Şərqdəki problemin nizamlanmasında həlledici rola malikdir. Bu dördlük Qərbin qorxulu yuxusudur. Ona görə, də Qərb əlindən gələni edəcək ki, bu dördlüyün arasında daim fikir ayrılığı olsun".

 

Politoloq "Lavrov planı"nın bu ilin sonuna yaxın, gələn ilin əvvəlindən tam sürətlə həyata keçirilməsinə başlanılacağını deyib: "Dağlıq Qarabağ ətrafındakı rayonlar mərhələli şəkildə işğaldan azad olunacaq. Dağlıq Qarabağın statusu isə sonrakı mərhələyə saxlanılacaq. Ermənilərin bu plana qarşı olmasına baxmayaraq, Moskva ilə Bakının yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli tarixini daha da yaxınlaşdıracaq. Regionun rifahı üçün Rusiya-Azərbaycan strateji ittifaqı qaçılmazdır. Bunu hər iki ölkə yaxşı anlayır".  

Müəllif | Apa.Tv
Apa.tv