Türkiyə sərhədində daha 5 kənd İŞİD-dən təmizləndi

Azad Suriya Ordusu Cerablus və Çobanbəy bölgələri yaxınlığında daha 5 kəndi İŞİD terrorçularından azad edib. APA TV-nin xəbərinə görə, müxaliflər Hələb vilayətinə aid olan Cerablus qəsəbəsinin cənub-qərbində Elvaniyə, Kamir (Haymar) və Aşağı Qaraquyu kəndlərini İŞİD-dən təmizləyiblər. Ərazidə mina və partlayıcılardan təmizləmə işləri aparılır.

 

Müxalif döyüşçülər Türkiyə sərhədində yerləşən Çobanbəy qəsəbəsində isə Memili və Hacac kəndlərini ələ keçiriblər.

 

Azad Suriya Ordusu komandirləri qərb və cənub-qərb ilə Çobanbəy istiqamətində irəliləməkdə davam edəcəklərini bildiriblər.

 

Digər tərəfdən Cerablusda həyatın qaydaya düşməsindən sonra İŞİD terrorçularının əlindən qaçan yerli əhali evlərinə dönür. Dünən qəsəbəyə çatan Türk Qızılayı xalqa isti yemək paylayıb. İnsanlara qida və geyim ilə yanaşı, qarşıdakı günlərdə yardımlar Qurban bayramına görə daha geniş ərazini əhatə edəcək.

Müəllif | Apa.Tv
Apa.tv