Qarğıdalı mürəbbəsi, xiyar mürəbbəsi, pomidor mürəbbəsi - QEYRİ-ADİ FESTİVAL
Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub. Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış ediblər.
Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib. Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Komissiya tərəfindən isə 28 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda şirniyyat komandaları tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Festivalda ilk dəfə olaraq nanə, itburnu, qarğıdalı, cır alça, xiyar, pomidor, sarı moruq, badımcan, yemiş mürəbbələri təqdim edilib. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.