Evlərin damı uçdu, ağaclar kökündən qopdu - TOVUZDA QASIRĞA

Tovuzda güclü qasırğa fəsadlar yaradıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə avqustun 27-də axşam saatlarında rayon ərazisində yağış yağıb, şimşək çaxıb, sonra isə qasırğa olub.


Bir neçə dəqiqə davam edən təbii fəlakət nəticəsində Tovuz şəhərində, Sabir küçəsində yerləşən 5 mərtəbəli və iki mərtəbəli yaşayış binasının dam örtüyü uçub. Güclü külək rayon mərkəzindən başqa rayonun Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Quşçu, Azaflı, Bayramlı kəndlərinə də xeyli ziyan vurub. Əlibəyilidə 5 yaşayış evinin dam örtüyü dağılıb, elektrik xətləri yararsız hala düşüb. Həmçinin Aşağı Quşçu kəndində də bir neçə ticarət mərkəzinə, elektrik, rabitə xətlərinə ziyan dəyib.
 

Qasırğa nəticəsində Qovlar şəhəri ərazisində olan 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiya ildırım düşməsi nəticəsində yanıb. Alovu söndürmək üçün əraziyə yanğından mühafizə hissəsinin avtomobilləri cəlb edilib.
 

Güclü külək nəticəsində Bakı-Qazax magistral yolunda da çətinlik yaşanıb. Belə ki yolun Tovuzun Aşağı Quşçu kəndindən keçən hissəsində iri ağacın kökündən qoparaq magistralı bağlaması bir neçə saat yolda tıxac yaranmasına səbəb olub. Texnika vasitəsi ilə tez bir zamanda ağac doğranaraq yoldan kənarlaşdırılıb.


Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Dəymiş ziyan müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli