Azad Suriya Ordusu daha 3 kəndi YPG-dən aldı
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fırat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.
APA TV-nin məlumatına görə, bunu “Reuters” agentliyinə açıqlamasında Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.
Ə. Osman deyib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir.
Qeyd edək ki, Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.