Kürd terrorçular Menbiçə əlavə qüvvə cəmləşdirir, türk ordusu zərbələri dayandırmır
PKK terror təşkilatının Suriya qanadı olan YPG Menbiç şəhərinə əlavə qüvvələr və texnika yerləşdirməyə başlayıb. APA TV-nin məlumatına görə, buna səbəb Azad Suriya Ordusunun Cerablusdan sonra Menbiçi hədəfə götürməsidir. Türkiyə təhlükəsizlik qüvvələri dünən çoxlu sayda silah-sursat və insan yüklü maşınların Menbiç istiqamətində hərəkət etdiyini müəyyənləşdiriblər.
Qeyd edək ki, Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə keçirilən "Fərat qalxanı" əməliyyatı çərçivəsində avqustun 24-də Suriyanın Cerablus qəsəbəsini İŞİD terrorçularından azad edib. Bundan sonra türkmən və ərəblərdən ibarət müxalif qruplaşmalar Cerablus ətrafında bir çox kəndi İŞİD və PYD/YPG terrorçularından təmizləyib.
Türkiyə hökuməti artıq Cerablus bölgəsində 11, Çobanbəy bölgəsində isə iki kəndin terrorçulardan azad edildiyini açıqlayıb. Dünən PYD/YPG qüvvələri Cerablusda mövqe tutan iki türk tankını raketlə vurublar. Rusiya istehsalı olan raketin Fəratın şərq sahilindən atıldığı bildirilir. Atəş nəticəsində Türkiyə Ordusunun bir hərbçisi şəhid olub, 3 hərbçi yaralanıb. Türkiyə Silahlı Qüvvələri buna cavab olaraq PYD mövqelərinə havadan 80 zərbə endirib. Zərbələr nəticəsində 25 PYD terrorçusunun öldürüldüyü açıqlanıb.