Göyçayda təmir sexində yanğın: "Jiquli" külə döndü
Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini Əhmədov Habil Xalid oğluna məxsus avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 52 kvadratmetr olan avtomobil təmiri sexi tamamilə yanaraq külə dönüb. Hadisə zamanı təmir sexində saxlanılan və rayon sakini Qədirli Fəxri Rüfət oğluna məxsus 61-BA-626 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili, eləcə də oradakı kompressor hava aparatı və digər ləvazimatlar yanaraq yararsız hala düşüb.
Alovun yaxınlıqdakı yaşayış evlərinə və təmir sexlərinə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğın bazar günü baş verdiyi üçün təmir sexində heç kim olmayıb. Məlumata görə təmir sexinin köhnə elektrik naqilləri bir həftə əvvəl təzəsi ilə əvəz edilib. Faktla bağlı araşdırma aparılır.