Bakıda beynəlxalq inşaat sərgisi keçirilir

Bakıda regionun ən geniş tədbiri sayılan Xəzər İnşaat Həftəsi başlayıb.APA TV-nin xəbərinə görə, ümumilikdə sərgidə üç sahə əhatə olunub. X Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, V Yubiley Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri sərgisi və  VI Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri Sərgisi.

 

Oktyabrın 26-dək keçirilən Xəzər İnşaat Həftəsi bu il 32 ölkədən 490-dan çox şirkəti bir ekspozisiya çərçivəsində birləşdirir. «BakuBuild-2013» X Azərbaycan Beynəlxalq İnşaat Sərgisi müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını, santexnika avadanlığını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edir. Builki sərgidə yerli iştirakçıların sayı artaraq, ümumi sərgi meydançasının 38%-ni təşkil edir.

 

«CIPS Caspian-2013» VI Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri Sərgisi isə istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirib. Builki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları var.

 

Buna paralel «Aqua-Therm Baku-2013» V Yubiley Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji Sərgisi də keçirilir. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il sərgidə Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 70-dən çox şirkət iştirak edir.

 

Müəllif | Apa.Tv