Astarada arılar arasında xəstəlik yayılıb - EKOLOJİ FƏLAKƏT
Astara rayonunda arı ailələri arasında xəstəlik yayılıb. Xəstəliyin qarşısını almaq isə hələlik mümkün deyil. Bu isə məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə səbəb olub.
Yerli təsərrüfatçıların APA TV-nin Cənub bürosuna verdikləri məlumata görə, bu il rayonda arı ailələri arasında ölüm halları artıb. Buna səbəb isə arılar arasında geniş yayılmış xəstəlikdir. Belə ki, arılar nektar gətirməyə getdikləri zaman bir daha geri dönə bilmirlər. Arıçılar xəstəliyin geniş vüsət almasını ətraf mühitdə radiasiyanın çoxalması və arıların geni dəyişdirilmiş bitkilərdən məhsul toplamaları ilə əlaqələndirirlər.
Həyata keçirilən profilaktik və qabaqlayıcı tədbirlərə baxmayaraq, yayılan xəstəliyin qarşısını almaq mümkün olmayıb. Təsərrüfat sahiblərinin fikrincə, belə davam edərsə, arıları qışdan salamat çıxarmaq çətin olacaq.
Onu da qeyd edək ki, yayılan xəstəlik balın keyfiyyətinə təsir etməsə də, məhsuldarlığın aşağı düşməsinə təsir edib. Nəticədə bu il bal məhsulları yarıbayarı azalıb. Məhsuldarlığın azalması isə həm də balın satış qiymətində təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, ötən il Astara arıçıları hər arı ailəsindən 15-20 kiloqram məhsul əldə etdikləri halda, bu il bu rəqəm 8-10 kiloqramı keçməyib.