Moskvada metro ətrafında yerləşən ticarət obyektləri sökülür - MÜHACİRLƏRƏ DAHA BİR ZƏRBƏ

Ötən gecədən başlayaraq Moskvada metro stansiyaları  ətrafında yerləşən obyektlərin söküntüsünə başlanılıb. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikintilər sökülür.

Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin tikililərdə əsasən gül və ərzaq malları dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu yerləşib. Paytaxtda yerləşən böyük ticarət mərkəzlərindən biri, "Elektrozavodskaya" metrosu yaxınlığında yerləşən "Elektron" ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.

 

Xatırladaq ki, bu, Moskvada qanunsuz tikililərin sökülməsinin ikinci dalğasıdır. Metro stansiyaları ətrafındakı qanunsuz tikililərin sökülməsinin birinci dalğasına bu ilin fevral ayından başlanılmışdı. Həmin vaxt paytaxt hökuməti 100-ə yaxın tikilini sökmüşdü.

Obyektləri sökülənlər arasında azərbaycanlılar da var. Paytaxtın "Yujnaya" metro stansiyası ətrafında böyük iki mərtəbəli obyekti sökülən həmyerlimiz Vaqif Əliyev açıqlamasında bildirib ki, ona məxsus olan tikilini əslində bu ilin fevral ayında sökmək istəyiblər. O zaman həmyerlimiz burada obyektləri olan digər iş adamları ilə birlikdə məhkəməyə müraciət edib. Meriya ilə məhkəmə çəkişməsi bir neçə ay davam edib, sonda məhkəmə meriyanın lehinə qərar çıxarıb.

Həmyerlimiz ona məxsus tikilinin qanunsuz olub-olmaması məsələsi ilə bağlı sualı isə belə cavablandırıb: "Əlbəttə ki, qanunsuz deyildi. Bütün sənədləri qaydasında idi. Obyektim metro stansiyasının elə də yaxınlığında deyildi. Sadəcə olaraq bu tikililər 90-cı illərdə, bundan əvvəlki merin vaxtında tikilmişdi. Onların vaxtında sənədləşdirilmişdi. Fevral ayında bizim obyektin yanında yenə həmyerlimizə məxsus böyük obyekt söküldü. Azərbaycanlıya məxsus "Yujnaya noch" restoranı, onun altındakı müxtəlif dükanlar yerlə-yeksan edildi. Adın da qoydular ki, metro stansiyasının çıxışına yaxındı, gediş-gəlişə maneə olur. Təklif etdikləri ticarət pavilyonlarında isə icarə haqları çox bahadır".

Həmyerlimiz ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: "Metro ətrafında kiçik ticarətlə ermənilər, özbək və qırğızlar məşğul idilər. Sökülən kiçik ticarət obyektlərinin əksəriyyəti məhz onlara məxsusdur".

Meriyanın Daşınmaz Əmlak üzrə Dövlət Müfəttişliyinin sədri Sergey Şoqurov bildirib ki, sökülən obyektlərin yerində yeniləri tikilməyəcək. O, iki ay qabaq obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.  

Qeyd edək ki, dünən gecə saatlarından Moskvanın "Krapotkinskaya", "Ulitsa 1905 qoda" "Dmitrovskoe", "Şolkovskoe", "Vıxino", "Pervomayskaya", "Yujnaya", "Naqatinskaya" və "Ulitsa Akademika Yangelya" metro stansiyaları ətrafında bütün qanunsuz tikililərin sökülməsinə başlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv