MOSKVA RƏZALƏTİ: Çeçenin boğazını kəsdilər, köməyə azərbaycanlı çatdı!
Moskvada qafqazlılara qarşı hücumlar davam edir. APA TV-nin “Vesti.az” portalına istinadən yaydığı məlumata görə, hazırda Moskva polisi milliyətcə çeçen olan Andi Müslümovun boğazının kəsilməsi faktı üzrə araşdırma aparır. Hadisə Qurban bayramı günü baş verib. Çeçen marşrut taksidə tacik sürücünü təhqir edən gənc qıza irad tutub. Bu zaman sərnişinlərdən biri Müslümovun boynunu tutaraq “Gəbər, əclaf” deyərək bıçaqla onun boğazını kəsib. Qız isə “bu murdar hələ ölməyib, ürəyinə vur, ürəyinə!” deyə çığırıb. Maşın dayandıqdan sonra hadisəni törədənlər qaçıblar. Digər sərnişinlər də mikroavtobusu tərk etməyə başlayıb. Qana bulaşmış çeçenə heç kim kömək etməyib, o 200 addım getdikdən sonra huşunu itirərək yıxılıb. Bu zaman yaxınlıqdan keçən azərbaycanlı taksi sürücüsü Andi Müslümovun köməyinə çatıb.
O yaralıya ilkin tibbi yardım göstərib, yaxınlıqdan keçən polis maşının saxlamağa cəhd etsə də, polislər baş verənlərə həmiyyət vermədən gediblər. Azərbaycanlı yaralını maşına qoyaraq xəstəxanaya çatdırıb. Andi Müslümov xəstəxanada da milli, dini ayrı-seçkiliklə üzləşib. Xəstəxanaya çatdırıldıqdan bir gün sonra baş həkim və milliyətcə erməni olan palata həkimi ağır vəziyyətdə olan yaralını çölə atmağı tapşırıblar. Çeçenin qohumları izahat tələb etdikdə baş həkim hadisə yerinə polis çağırıb.
Qəribədir ki, yaralının milliyətcə çeçen olduğunu bilən hüquq-mühafizə orqanları da silahlı hücum faktı ilə bağlı araşdırma aparmaqdan imtina ediblər. Məsələyə Andi Müslümovun vəkili və Çeçenistan Respublikasının Moskvadakı nümayəndəliyi qarışdıqdan sonra polisin işə qeyri-ciddi münasibəti ilə bağlı Doroqomilovsk prokurorluğunda araşdırma aparılıb. Yalnız bundan sonra hadisədən dörd gün keçmiş milliyətcə çeçen olan şəxsin boğazının kəsilməsi faktı üzrə cinayət işi başlanıb.