Səlim Müslümov Daşkəsəndə vətəndaşları fərdi qaydada qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Daşkəsəndə bu rayonun, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, hər bir vətəndaş fərdi qaydada qəbul edilib. Onların müraciətlərində əksini tapan məsələlər nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Ayrı-ayrı vətəndaşlara hüquqi izahatlar verilib.

 

Səlim Müslümov imtiyazlı şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandırarkən vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər inşa olunaraq istifadəyə verilir: “Bu bölgədə də həmin insanların mənzillə təminatı işləri uğurla davam etdirilir, ötən il Gəncə şəhərində və Göygöl rayonunda daha 7 mənzil, bu ilin iyul ayında Samux rayonunda 4 fərdi yaşayış evi bu təbəqələrdən olanlara təqdim edilib. Daşkəsən rayonunda tikintisi yekunlaşmaqda olan 3 fərdi yaşayış evi də yaxın vaxtlarda istifadəyə veriləcək. Həmin şəhər və rayonlarda ilin sonunadək daha 6 evin inşasına da başlanacaq”.

 

Bir sıra müraciətlərdə ifadə olunan məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı vətəndaşlar nazirlik tərəfindən bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıblar. Eləcə də münasib işlə təmin edilmək üçün müraciət edən şəxslərə vakant iş yerləri təklif edilib və öz seçimləri əsasında vakant iş yerlərinə göndərişlər verilib. Səlim Müslümov əmək resurslarının məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini vurğulayıb. Bu tədbirlər Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin əhalisini də əhatə edir. Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə həmin rayonlar üzrə ümumilikdə 2896 nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin edilib, 65 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Yaxın vaxtlarda nazirliyin Gəncə şəhərində Regional Peşə Tədrisi Mərkəzi istifadəyə veriləcək.

 

Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Apa.tv