İtaliyada zəlzələ qurbanlarının sayı artdı: 292 ölü
İtaliyadakı dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 292 nəfərə çatıb. APA TV-nin məlumatına görə, Amatriçe kəndində dağıntılar altından daha üç nəfərin meyiti çıxarılıb. Fəlakət zonasında itkin düşənlərin sayı 10-dur.
Hökumət hətta seysmik davamlı binaların da yeraltı təkanlardan ziyan gördüyünü aydınlaşdırmağa çalışır.
Baş nazir Matteo Renzi seysmik təhlükəli bölgələrdə binaların möhkəmləndirilməsi planını elan edib. Mütəxəssislərin hesablamalarına görə, yaşayış binalarının və ictimai əhəmiyyətli tikililərin möhkəmləndirilməsi üçün 20 il ərzində 4 milyard avro investisiya qoyulmalıdır. Bu isə borc içərisində olan İtaliya iqtisadiyyatının imkanları xaricindədir.
Bu gün İtaliyada ümummilli matəm elan edilib. Amatriçe kəndində zəlzələ qurbanlarından 78-i avqustun 30-da dəfn ediləcək.