QALADAN MEYİT ÇIXDI: Bakıda 3 il əvvəl öldürülmüş şəxsin "məzarı" və qatilləri aşkar edildi
3 il bundan qabaq itkin düşmüş kimi qeydiyyata alınmış şəxsin meyiti aşkarlanıb. APA TV-nin məlumatına görə, meyit Xəzər rayonu Qala qəsəbəsində aşkar olunub.
Suraxanı prokurorluğundan verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşmədiyi, qəsdən öldürüldüyü məlum olub.
İstintaqla müəyyən olunub ki, 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib və basdırılıb.
Məlum olub ki, hadisə baş verən gün qətlə yetirilən Elnur Hümmətov və adı çəkilən şəxslər istirahət etmək məqsədilə bağa gedib, gecəni orda qalıblar. Növbəti gün axşam süfrəsinə yığılan gənclər arasında mübahisə yaranıb və nəticədə Elmir Alxasovla mərhum Elnur Hümmətov dalaşıblar. Dava zamanı Elmir Elnuru boğaraq qətlə yetirib. Ölən şəxsin əmisi nəvəsi Abbas Hümmətov isə qətli ört-basdır etmək və meyiti gizlətmək üçün mağazaya gedərək çoxlu yapışqanlı lent alaraq hadisə yerinə qayıdıb.
Qeyd edək ki, saxlanılanlardan Abbas Hümmətov tanınmış müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxsin isə əmisi nəvəsidir.
E. Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər saxlanılıblar. Hadisənin detalları araşdırılır.