İsmayıllıda mikroavtobus evakuatorla toqquşdu: 2 ölü, 3 yaralı
İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında qeydə alınıb.
Qəbələdən Bakı istiqamətinə hərəkət edən Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanova məxsus 12-HD-146 dövlət nömrə nişanlı “Mitsubishi” markalı evakuatorla toqquşub.
Hadisə zamanı aldığı ağır xəsarətlər səbəbindən iki nəfər dünyasını dəyişib. Onların meyitləri müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Ölən şəxslərdən birinin Qəbələ sakini 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı, digərinin Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı olduğu müəyyən edilib.
Qəzada evakuatorın sürücüsünün yanında oturan şəxs, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və “Ford Tranzit”in sərnişinləri - 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.