Meyiti tapılan Elnur Hümbətovun anası danışdı: "Qohumlarımızla ədavətimiz vardı"
3 il bundan qabaq itkin düşmüş kimi qeydiyyata alınmış, lakin sonradan öldürüldüyü məlum olan Elnur Hümbətovun anası danışıb. APA TV-nin məlumatına görə, Səadət Hümbətova qətlin sifarişli olmadığını deyib. Onun sözlərinə görə, faktla bağlı həbs olunan qohumları Abbas Hümbətovların ailəsi ilə ədavətləri varmış. Abbasın bacısı Aynur Hümbətova bir neçə ildir bu ailə ilə mülk davası edirmiş.
"Qeydiyyat söhbəti olub aramızda, hələ rəhmətlik yoldaşımın sağlığında məhkəməyə müraciət edirdilər. Elə oldu ki, yoldaşım rəhmətə getdi, qeydiyyat məsələsi qaldı. Ondan sonra mən onlardan uzaq durdum və oğluma dedim ki, bunlardan uzaq dur. Elnurumun atasının onlara etmədiyi yaxşılıq qalmamışdı".
Ananın sözlərinə görə, Polis İdarəsində qətlin mümkün motivi barədə az da olsa, məlumat veriblər. Qətllə nəticələnən mübahisəyə səbəb hansısa narkotik vasitənin bölüşdürülməsi olub. Elnur etdiyi etiraz nəticəsində öldürülüb.
"Uşağım təsadüfən gedib çıxıb üstünə, bölüşə bilməyiblər. Biri əlini tutub, biri ayağını, digəri boğub. Sonra məftillə bağlayıblar. Büküb yapışqanlı lentlə bağlayıblar, sonra üstünə beton töküblər".
Mərhum Elnur Hümbətovun meyiti Qala qəsəbəsində basdırılıb. 2013-cü il iyunun 16-da itkin düşən gənçin axtarışı ilə Suraxanı Polis İdarəsi məşğul olsa da, nəticə əldə olunmayıb. Daha sonra mərhumun qohumları axtarış üçün təkrar müraciət ediblər. Cinayət işinin başlanmasına səbəb isə Abbas Hümbətovun ziddiyyətli ifadə verməsi olub. Ailə üzvləri hesab edirlər ki , Abbas Hümbətov idarəyə münaqişəli şəxs kimi dəvət olunub və orada mötəbər sübutlar qarşısında hər şeyi boynuna almaq məcburiyyətində qalıb.
"Bu üç ildə Allahım mənə səbir verdi, balamı çıxarıb mənə qaytardı. İndi bir az da səbir versin, balamın qanı yerdə qalmasın".
Xatırladaq ki, Elnur Hümbətov , 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur Əsirov tərəfindən Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib və basdırılıb. Saxlanılan şəxslər arasında mərhumun əmisi nəvəsi Abbas Hümbətov da var. Qeyd edək ki , Abbas Hümbətov xanəndə Aygün Bəylərin qardaşıdır.