Avtovağzal, yoxsa Ərəbistan səhrası? - GÖYÇAYA YOLUNUZ DÜŞƏRSƏ...
Göyçay rayonunda fəaliyyət göstərən avtovağzal söküldüyü üçün Bakı və rayonlararası marşurut avtobuslarının dayanma yeri müvəqqəti olaraq dəyişdirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, iki ildir ki, Bakı-Şamaxı-Yevlax yolunun kənarında açıq havada müvəqqəti salınan avtovağzalda sərnişinlər üçün heç bir şərait yaradılmayıb.
Göyçay avtovağzalından rayonun kəndləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Ucar, İsmayıllı, Mingəçevir, Zərdab, Şamaxı və Ağcəbədi istiqamətlərində marşurut avtobusları hərəkət edir. Hər gün 1000-dən çox insan yayın istisində və qışın soyuğunda Göyçayın açıq havadakı səyyar avtovağzalının fəaliyyətsizliyindən əziyyət çəkir. Müvəqqəti salınan səyyar avtovağzalın 2 ildən çoxdur ki, aşağı səviyyədə xidmət göstərməsi və köhnə avtovağzalın sökülərək yerində yeni avtovağzalın inşası üçün heç bir işin görülməməsi insanların haqlı narazılığına səbəb olub. Sərnişin Bahadur Xəlilov bu şəraitsizlikdən əziyyət çəkənlərdəndir: "Şərait yoxdur. Skamyalar yox, su yox. Avtobuslar vaxtlı-vaxtında işləmir. Mal növbəsinə getmək bundan yaxşıdır. Heç olmasa orda söyüd olur, onun altında oturursan. Suyumuz benzin qiymətinədi. Onu heç danışmağa dəymir".
Sürücü Rəhman Azadov burada çox dayanmağın təhlükəli olduğunu deyir: "Avtobuslar dayanır burda. Özümüz də, maşınımız da qalırıq günün altında. Maşına oturmaq olmur. Skamyalar yox, oturmağa yer yox. Kölgələnəcək yer yox, əl yumağa yer yox. Hava da qaraldı bir dənə də işıqlandırma sistemi yoxdur. Çaqqal, canavar bir gün sürücüləri yeyəcək. Hardasa iki ildir ki, belədir".
Bəzən 43 dərəcə istidə sürücülərlə yanaşı, sərnişinlər də çox əziyyət çəkir. Sərnişinlərin sözlərinə görə, avtovağzalda heç bir şərait, hətta əl yumağa su, tualet də yoxdur. Gözləmə zalının olmaması bir yana, ərazidə kölgəsində dayanmaq üçün ağac da tapa bilmərsən. Sürücü İbad Rəhimov da şikayətçilərdəndir: "Çox əziyyət çəkirik. Durmuşuq günün altında. Məni qoyaq bir qırağa, sərnişindir, gəlir, gözləməkdən ötrü 2 saat günün altında qalır. Heç olmasa, köhnə avtovağzalda kölgəlik bir yer var idi. Bura Haramı düzüdür. Elə bil poliqondayıq".
Göyçay avtovağzalının dispetçeri də vəziyyətin heç də ürək açan olmadığını etiraf edib. "Deməli, bizim avtovağzalımız beynəlxalq standartlara cavab vermədiyi üçün söküldü. Biz də müvəqqəti olaraq köçmüşük bura. Köhnə avtovağzalın yerində beynəlxalq standartlara cavab verən avtovağzal tikilməkdədir, tikilir. İlin axırına kimi təhvil verilməlidir. Ora təhvil verildikdən sonra biz köçəcəyik köhnə avtovağzala. Bura da müvəqqəti köçmüşük deyə bir balaca çətinliyimiz var. Dözmək lazımdır".