Balakəndə iki "Jiquli" toqquşdu: ölən və yaralananlar var

Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla iki nəfər xəsarət alıb. APA TV-nin  məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 


Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu  Əliyev idarə etdiyi “VAZ 21011”  markalı avtomobillə  Zaqatala rayonu  istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən, Balakən rayonu Katex kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin  idarə etdiyi “VAZ 21015” lə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 

Balakən RMX-dan verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, buna rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov