ABŞ-ın ehtiyatları artır, neft ucuzlaşır
Dünya bazarında neftin qiyməti bir neçə gün davam edən stabilləşmədən sonra yenidən ucuzlaşıb. APA TV-nin məlumatına görə, birjaların dünənki seanslarında "Brent" markalı neftin bir bareli 49,84 dollardan satılıb. Bu gün səhər seanslarında isə "Brent" nefti bir dollardan çox ucuzlaşaraq 48,63 dollara təklif olunur. Qərbi Texas neftinin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən gün 47,41 dollara satılan WTİ nefti, bu gün səhər hərraclarında ucuzlaşaraq 46,28 dollardan satılır.
İraqın baş naziri Heydər Al-Abadi Bağdadda verdiyi açıqlamada OPEK və digər böyük neft hasilatçılarının neftin hasilatını dondurmaq barədə qərarını dəstəkləyəcəklərini bildirib. Neft hasilatçılarının istehsalı azaldacağı təqdirdə qiymətlərin qalxacağı gözlənilir. Amerika Neft İnstitutu isə ABŞ neft ehtiyatlarının ötən həftə 942 min barel artdığını açıqlayıb. Qarşıdakı günlərdə ehtiyatların bir qədər də artacağı gözlənilir.