ABŞ iddia etdi: Türkiyə kürdlərlə atəşkəs barədə razılığa gəlib

Türkiyə Silahlı Qüvvələri ilə Suriyada İŞİD-ə qarşı döyüşən suriyalı kürd qruplaşmalar arasında döyüşlər dayanıb. APA TV-nin məlumatına görə, Ağ Evin sözçüsü Coş Ernst gecə boyu tərəflər arasında atışma olmadığını müsbət qarşıladıqlarını bildirib. İŞİD ilə mübarizənin vacibliyini vurğulayan Ernst, İŞİD-ə qarşı döyüşən tərəflər arasında itkilərin olmaması üçün bütün tərəfləri təşviq edəcəklərini deyib.

 

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi də mətbuat konfransında son 12-18 saatda Türkiyə Silahlı Qüvvələri ilə kürd qruplar arasında döyüş olmamağından məmnun olduqlarını söyləyib. Kirbi kürdlərin Fəratın şərqinə çəkildiklərini də qeyd edib. "Kürd qruplaşmalar Fəratın şərqinə keçib. Türkiyənin nə edəcəyinə dair bir şey söyləyə bilmərəm. Ancaq Türkiyənin o bölgədəki hərəkatını planlandığı kimi sərhədin müəyyən bir hissəsinin qorunması üçün həyata keçirildiyini gördük və bunu olduqca anlayışla qarşılayırıq".

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın bu mövqeyindən narazılığını gizlətməyib. O, terrorçular arasında fərq qoyulmasına etirazını diplomatik dillə ifadə edib və bildirib ki, ölkə sərhədlərinin təhlükəsizliyinə təhdid törədən bütün qüvvələr zərərsizləşdiriləcək.

 

Türkiyə tərəfi PYD/YPG terrorçuları ilə atəşkəs razılaşması əldə olunduğuna dair Qərb mətbuatının yazdıqlarını nə təsdiq, nə təkzib edib. Yerli media Suriya ilə sərhəddə yerləşən Karkamış qəsəbəsinə əlavə hərbi texnika və canlı qüvvənin gətirildiyini yazır.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyə ordusunun Suriyadakı mövqeləri PYD/YPG qüvvələri tərəfindən raket atəşinə tutulub. Türk tankının vurulması nəticəsində 3 türk əsgəri yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv