Qarabağda benzin oğurluğu - ERMƏNİ KOMANDİRLƏR NƏ GÜNDƏDİR?
Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrindən birinin komandiri həbs olunub. APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, podpolkovnik Rudik Qriqoryan benzin oğurluğunda ittiham olunur.
Rudik Qriqoryanın uzun müddətdir bu işlə məşğul olduğu bildirilir. O, müavini, mayor Levon Qabrielyana dəfələrlə hərbi hissəyə ayrılmış yanacağın silinməsini və qanunsuzluğun ört-basdır edilməsini tapşırıb. Podpolkovnikin oğurluqla əldə etdiyi pulları özünə aid olan tikintilərə sərf etdiyi ortaya çıxıb. Beləliklə, hərbi hissəyə ayrılmış 3 milyon 962 min dram məbləğində benzin mənimsənilib.
Bundan əlavə, xeyli sayda ərzaq - konserv məhsulları və quru südün də oğurlanaraq satıldığı məlum olub.
Rudik Qriqoryan və Levon Qabrielyan həbs ediliblər.