Türkiyə təkzib etdi: Kürd terrorçularla atəşkəs elan etməmişik

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın "Türkiyə YPG ilə razılaşdı" iddiasını təkzib edib. APA TV-nin məlumatına görə, nazirliyin sözçüsü Tanju Bilgiç ABŞ-dan gələn açıqlamalara sərt etirazını bildirib. Açıqlamada qeyd olunub ki, əməliyyatlar Türkiyə vətəndaşları üçün terror təhlükəsi aradan qalxana kimi davam edəcək. Xarici İşlər nazirliyi əlavə edib ki, Ankara ABŞ-ın kürd terrorçuların Fərat çayının şərqinə qayıdacağına dair vədinə əməl etməsini gözləyir: "Fərat qalxanı" hərəkatının məqsədi aydındır. Əməliyyat beynəlxalq hüquqa əsaslana qanuni müdafiə haqqımız və Suriyanın torpaq bütövlüyünə hörmət prinsipləri çərçivəsində davam edəcək".

 

Açıqlamada qeyd olunub ki, ABŞ rəsmilərinin açıqlamaları ilə bağlı Türkiyənin mövqeyi bu ölkənin Ankaradakı səfiri Con Basa çatdırılıb. Səfirə bildirilib ki, bu cür bəyanatlar heç bir şəkildə qəbul edilə bilməz və müttəfiqlik prinsipləri ilə daban-dabana ziddir.

 

Qeyd edək ki, Qərb mətbuatı və ABŞ rəsmiləri Türkiyə Silahlı Qüvvələri və Suriyadakı kürd qruplaşmalar arasında razılıq əldə olunduğu barədə iddia ilə çıxış ediblər. İddiaya əsasən, kürdlər razılaşma əsasında Fəratın şərqinə keçib və ötən 12-18 saat ərzində Türkiyə Silahlı Qüvvələri ilə kürd qruplar arasında döyüş olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv