Referendumla bağlı təşviqat prosesində KİV-in rolu nə olacaq? - SEMİNAR

Prezident Administrasiyası, MSK  və Mətbuat Şurasının təşkilatçılığı ilə "Referendum qabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, media kapitanları və ictimaiyyət təmsilçiləri də iştirak edib.

 

MSK-nın sədri Məzahir Pənahov çıxış edərək, 26 sentyabr tarixində keçirilməsi planlaşdırılan referendumla bağlı xüsusi tədbirlər planı hazırlandığını və üç təşviqat qrupunun qeydiyyatdan keçdiyini bildirib.

 

Komissiya sədri referendumla bağlı zəruri informasiyanın cəmiyyətə çatdırılmasında KİV-in rolunu qeyd edərək, bu işdə əsas aparıcı qüvvənin məhz mətbuat olduğuna diqqət çəkib.

 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə 25 illik müstəqillik tarixində ölkəmizdə 5 referendumun keçirildiyini qeyd edib.

Administrasiya rəsmisi 26 sentyabr tarixli referendum aktının qəbul olunacağı təqdirdə konstitusiyanın 23 maddəsində dəyişiklik ediləcəyini, o cümlədən 6 yeni maddənin əlavə ediləcəyini bildirib.

 

Əli Həsənov referendumun azad və şəffaf keçirilməsi üçün medianın üzərinə düşən vəzifələrdən danışaraq, Azərbaycanda KİV-in fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən zəruri imkanların yaradıldığını deyib.

 

“KİV referendum qabağı təşviqatda aktiv olmalıdır, bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, "KİV haqqında" qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar, onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərini işıqlandırmalıdır".

 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli daha öncə keçirilən seçkilər zamanı ölkəmizdə fəaliyyət göstərən media orqanlarının fəaliyyətində nəzərəçarpacaq dərəcədə müsbət tendensiyaların müşahidə olunduğuna toxunub. O, referendum öncəsi təşviqat qrupları üçün pulsuz efir vaxtının ayrılması məsələsinə toxunaraq, sözü gedən məsələnin müvafiq qanunvericiliyin tələbinə uyğun, yəni püşkatma yolu ilə həll olunacağını bildirib. Şura sədri telekanallar vasitəsilə təşviqatın aparılmasında hər hansı problemin yaranmasını gözləmədiklərini bildirib.

 

Seminar-müşavirə ümumi müzakirələrlə işini davam etdirib.

Müəllif | Apa.Tv
Apa.tv