Sərxoş şəxs Gəncə çayına düşdü, ölümdən qurtarıldı
Bu gün FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA TV-nin yerli bürosunun məlumatına görə, dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaş 41 yaşlı Zaur Məhərrəmovu sudan çıxarıblar.
Müxtəlif bədən xəsarətləri alan həmin şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Məlum olub ki, Z. Məhərrəmov həddindən artıq spirtli içki qəbul etdiyi üçün yolu səhv salaraq Gəncə çayına düşüb.