Bəstəkar Oqtay Zülfüqarov II Fəxri Xiyabanda dəfn edildi
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınıb. Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət, incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər. Əbülfəs Qarayev onun uşaq musiqisi sahəsindəki rolunu xüsusi qeyd edib.
“Uzun illər Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb. Bu gün də media aləmində uşaq verilişləri silsiləsində onun musiqisi səslənməkdədir. Biz o musiqiləri duyanda gəncliyimizi yada salırıq. Bu gün uşaqların mədəni tərbiyəsində bu musiqinin töhfəsi və gücü var. Allah rəhmət eləsin”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Oqtay Zülfüqarovun uşaq musiqisində inqilab etdiyini bildirib. O, qeyd edib ki, bəstəkar balaca istedadları ətrafına toplayaraq onlara ilk addımlarında çox dəstək olub.
“Oqtay müəllimin bu yaxınlarda premyerası olub. Uşaqlar üçün bəstələdiyi yeni baleti göstərildi. Oqtay müəllim son gününə qədər musiqi ilə idi, musiqiçilərlə idi və həmişə yazıb-yaradırdı. Allah ona rəhmət eləsin. Hər kəsə belə gözəl həyat yaşamağı arzu edərdim”.
Mədəniyyət və incəsənət xadimləri Oqtay Zülfüqarovun vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu qeyd ediblər.
“Hər bir janrda gözəl əsərlər yaratmışdı. Xüsusilə, uşaqlar üçün gözəl əsərlər yaratmışdı. Onun musiqisi ilə bir neçə nəsil böyüyüb. Əlbəttə ki, görkəmli bəstəkarın vəfatı bəstəkarlıq məktəbi üçün böyük itkidir”.
Bəstəkar Faiq Sücəddinov Oqtay Zülfüqarovun ömrünün son günlərinə qədər yazdığını bildirdi.
“Xəstə idi. Oğlu ilə əlaqə saxlayırdım. Oqtay müəllimi dəfn etdik. O, gözəl bəstəkar idi. Son gününə kimi yazırdı. Uşaqlar üçün tərbiyəvi mahnılar yazırdı. Ümumiyyətlə, məhsuldar bəstəkar idi”.
Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olunub.