Neft ucuzlaşmaqda davam edir
Dünya bazarında neftin qiyməti bir neçə gün davam edən stabilləşmədən sonra ötən gün ucuzlaşmağa başlayıb. Ucuzlaşma prosesi bu gün də davam edib.
APA TV-nin məlumatına görə, birjaların dünənki seanslarında "Brent" markalı neftin bir bareli 48,83 dollardan satılıb. Bu gün səhər seanslarında isə "Brent" nefti bir dollar 71 sent ucuzlaşaraq 47,12 dollara təklif olunur.
Qərbi Texas neftinin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən gün 46,39 dollara satılan WTİ nefti, bu gün səhər hərraclarında ucuzlaşaraq 44,92 dollardan satılır.
Amerika Neft İnstitutu isə ABŞ neft ehtiyatlarının ötən həftə 2,28 milyon barel artdığını açıqlayıb. Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih "əl-Ərəbiyyə" televiziyasına bildirib ki, OPEK üzvləri bu ay bazara sabitlik qazandırmaq üçün görüşəcəklər. Eyni zamanda ölkəsi istehsalı artırmayacaq. Ekspertlər bazarda yetərli dərəcədə neft ehtiyatı olduğunu, qiymətlərin sürətlə artmayacağını bildirir.