Əl-Bab uğrunda Türkiyə ordusu, İŞİD və YPG şiddətli döyüşlərə başlayır

İki həftə öncə Suriyanın şimalında nəzarət etdiyi Menbiçi YPG-yə, Cerablusu isə Azad Suriya Ordusuna uduzan İŞİD Əl-Babda cəmləşməyə başlayıb. APA TV-nin məlumatına görə, tezliklə strateji nöqtə sayılan Əl-Bab uğrunda döyüşlərin başlayacağı gözlənilir.


Bölgənin ələ keçirilməsi üçün Türkiyənin hərəkətə keçdiyi bildirilir. İŞİD-in isə Suriya ərazisində özünə paytaxt elan etdiyi Rəqqa ilə quru yolu əlaqəsi olan Əl-Babı əldən verməmək üçün döyüşəcəyi şübhəsizdir. Terror təşkilatının adı çəkilən bölgəni əldən verməsi onun Türkiyə və Hələblə əlaqəsinin tam kəsilməsi və Suriyanın mərkəz bölgəsinə - Rəqqa, Deyr-əz-Zor və Humsa sıxışdırılması deməkdir.

 

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu sərhədyanı bölgələrdə əməliyyatları davam etdirməklə yanaşı, istiqaməti nisbətən cənuba - Əl-Baba doğru çevirir. Hələbin şimalında yerləşən Əl-Bab Türkiyə sərhədindən 30, hazırda YPG-nin əlində olan Menbiçdən isə 25 kilometr məsafədədir.


Azad Suriya Ordusu Azezdən Mare istiqamətinə yönələrək buradan Əl-Babı ələ keçirməyi planlaşdırır. Bu həm də Türkiyə sərhədində etibarlı və təhlükəsiz bir bölgənin yaranması baxımından önəmlidir. Həmçinin bu plan baş tutarsa bu, YPG-nin  Suriyanın şimalında gerçəkləşdirmə istədiyi dəhlizin də qarşısını kəsmiş olacaq. Əl-Babın ələ keçirilməsi "Menbiç əməliyyatı" zamanı Azad Suriya Ordusunun manevr imkanlarını daha rahat həyata keçirmək üçün də əlverişlidir. Şimaldan Cerablus, qərbdən isə Əl-Babdan hücuma keçmək istəyən müxaliflər Menbiçi YPG-dən təmizləyib onları Fəratın şərqinə atmağı düşünür. 

Müəllif | Apa.Tv
Apa.tv