Türkiyə ordusundan daha 820 hərbçi qovuldu
FETÖ təhqiqatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən daha 820 hərbçi xaric edilib.
APA TV-nin məlumatına görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Silahlı Qüvvələrdən atılan hərbçilərin quru və dəniz qoşunlarında fəaliyyət göstərdiyi bildirilir. Xaric olunan hərbçilərin 648-i 15 iyuldan sonra tutularaq dindirilənlərdir.
"Türkiyə Silahlı Qüvvələrindən xaric olunma çox dəqiqliklə aparılır. Vətəninə və millətinə bağlı qəhrəman hərbçilərimiz vəzifələrini bacarıqla yerinə yetirir. Türkiyə Silahlı Qüvvələri FETÖ-çü xainlərdən təmizləndikcə, daha güclənərək millətimizin xidmətində dayanacaq", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd prosesində ordudan qovulan hərbçilərin sayı 4 mini keçib.