"Birinci sinifə ayaqyalın, qarnı ac və çılpaq getdim..." - BİLİK GÜNÜ XATİRƏLƏRİ

Bir zamanlar 1 sentyabr Azərbaycanda Bilik günü kimi qeyd olunurdu. Yeni tədris ilinin başlanması bayram təntənəsi ilə müşayiət olunurdu. 2004-cü ildən isə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və həmin gün Bilik Günü elan edilib.

 

Buna baxmayaraq, 2004-cü ilədək təhsil alanlar Bilik günü kimi 1 sentyabrı qəbul edirlər. Bəs görəsən, yaşlı nəsil Bilik gününü necə xatırlayır? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.

 

- 1 sentyabr gününü, 1948-ci ili xatırlayıram ki, birinci gün məktəbə gedəndə ayaqyalın, qarnım ac, çılpaq getmişəm. Amma bir gün də məktəbdən qalmamışam. Çox yaxşı xatırlayıram ilk müəllimimi, Allah rəhmət eləsin. Çox əla müəllim idi. Mənə sentyabrdan oktyabra qədər əlifba öyrədib, çubuqla saydırıb.

 

- Xatırlayıram. O günlərə gedib çıxıram.

 

- Lap əla xatırlayıram.

 

- Yox, xatırlamıram.

 

- Lap olduğu kimi. Çox gözəl idi. Xanəndə, zurna, kamança, tar, qarmon var idi. Şən, güllü-çiçəkli qarşılayırdıq həmişə. İndi də var, amma o dərəcədə deyil.

 

- Uşaq idik. Məktəbə getdiyimiz üçün sevinirdik. Yaxşı oxuyurduq. Həvəs də var idi.

 

- 1941-ci ildə birinci sinifə getmişəm. O vaxt çox qəşəng idi. Bizi məktəbə çatanda saxlayırdılar. Qara çörək, povidla verib sinifə buraxırdılar. Mən o günləri görmüşəm, o günləri yaşamışam. Uşaq idim. Çox çətin vəziyyət idi. Allah o günləri aparsın, gətirməsin.

 

- Bilik gününü çox gözəl xatırlayıram. Bilik günündən gözəl nə tədbir ola bilər? Yaxşı yadımdadır. Səsimiz çıxmazdı. Müəllimlərdən çəkinərdik.

 

- Hamı sevinirdi. Birinci sinifə gedənlər də, onuncu sinifə gedənlər də. Biri sevinirdi ki, məktəbə gedir. O biri sevinirdi ki, məktəbdən canı qurtarır. Qara şalvar, ağ köynək... Kimin qalstuku var idisə, taxırdı.

 

- Biz birinci sinifə 1960-cı ildə getmişik. Çantamızı, dəftərimizi, kitabımızı götürdük, valideynimiz əlimizdən tutub apardı. Müəlliməmiz qarşıladı. Vəssalam.

 

Bilik gününün xatirəsi unudulmur. Həmin gün həmişə özəl olub, nostalji hisslər yaşadır. Bilik gününüz mübarək!

Müəllif | Apa.Tv
Apa.tv