Təhsil naziri yeni məktəb direktorları ilə görüşdü
"İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması öz uğurunu fərd olaraq görməkdən deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur".
APA TV-nin xəbərinə görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov bu gün Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə keçirilən müşavirədə deyib.
O, məktəb direktorlarının qarşısında duran vəzifələrə toxunub, onları üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə və rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücü ilə çalışmağa çağırıb.
M.Cabbarov qeyd edib ki, bu il tətbiq edilən yeniliklərdən biri də məktəbəqədər hazırlıq qruplarının təşkilidir. Onun sözlərinə görə, Azərbaycanda uşaqların məktəbəqədər hazırlıqla əhatə dairəsi qaneedici səviyyədə deyil: “Bu il verilən qərara əsasən, məktəblərin bazasında 1 illik məktəbəqədər hazırlıq qrupları təşkil ediləcək. Bu, uşaqların məktəbəqədər hazırlıqla əhatə olunma səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcək. Məktəb direktorları da yerlərdə bu işin təşkilinə çox ciddi yanaşmalıdır”.
Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq 4 mərhələdən ibarət müsabiqə keçirilib. Onun sözlərinə görə, əvvəldən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifələrinə işə qəbul olunub. Onlar haqqında müxtəlif rəylər toplanıb, şəxsi, insani keyfiyyətləri qiymətləndirilib. Bu rəylərlə yanaşı, insanların peşəkarlığı, səriştəsi, təhsil islahatlarının aparılması istiqamətində gələcəkdə nə dərəcədə davamlı iş apara bilməsi müəyyən olunub.